“Maliyyə məhsul və xidmətlərinin məlumat-axtarış sistemi”nə bank olmayan kredit təşkilatları qoşulmuşdur

  • 12 Yanvar 2021
  • 87 baxış

Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin “Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması” hədəfinə və 2018-ci il 28 sentyabr tarixli sərəncamı ilə təsdiqlənmiş “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın “Rəqəmsal ödənişlər haqqında ictimai məlumatlılığın artırılması” prioritetinə uyğun olaraq hazırlanmış Mərkəzi Bankın “Maliyyə məhsul və xidmətlərinin məlumat-axtarış sistemi”nə maliyyə xidmətləri göstərən qurumların qoşulması işləri davam etdirilir.

Artıq kommersiya bankları ilə yanaşı, bank olmayan kredit təşkilatları da (BOKT) sözügedən məlumat-axtarış sisteminə (infobank.az) qoşulmuşdur. Belə ki, sistemin tərkibində “Kreditlər” və “Filial və şöbələr” kateqoriyalarında bank olmayan kredit təşkilatlarının müvafiq məlumatları yer almışdır.

Əhalinin maliyyə xidmətlərinə rəqəmsal çıxış imkanlarını asanlaşdıran və bu xidmətlərdən istifadəni stimullaşdıraraq maliyyə inkluzivliyini təmin edən “Maliyyə məhsul və xidmətlərinin məlumat-axtarış sistemi”nə müxtəlif çeşidli maliyyə, o cümlədən bank, sığorta məhsul və xidmətləri təklif edən təşkilatların qoşulması işləri davam edir.